Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu ilin oktyabrında Zəngilan şəhərində ilk yaşayış və orta məktəb binalarının təməlinin qoyulması, Böyük Qayıdış tədbirləri çərçivəsində görülən işlər, erməni vandalizminə məruz qalmış yurd yerlərimizin bərpası, müasir tələblər əsasında yenidən qurulması, layiqli həyat şəraiti ilə təmin olunan şəhər və kəndlərin salınması zəngilanlı məcburi köçkün həmvətənlərimizdə məmnunluq və minnətdarlıq hissi doğurur.
"Unikal" xəbər verir ki, Dövlət Komitəsinin hazırladığı videoçarxlarda rayon sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.
İbtidai sinif müəllimi Lamiyə Əli qızı Şıxəliyeva doğma Zəngilan şəhərində məktəb binasının təməlinin qoyulması mərasimini böyük sevinc və qürur hissi ilə izlədiyini vurğulayaraq deyib: “Zəngilanda bərpa-quruculuq işləri aparılır, ora tezliklə abadlaşacaq, biz də şagirdlərimizlə birlikdə təhsilimizi orada davam etdirəcəyik”. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.