Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo ISG”-nin baş vitse-prezidenti Vilfredo Sotolonqonun rəhbərlik etdiyi aparıcı beynəlxalq “Lenovo” texnoloji şirkətinin nümayəndə heyəti ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı nümayəndə heyətinin rəhbəri şirkətin fəaliyyəti haqqında geniş məlumat verib.
Bildirilib ki, infrastruktur həlləri, serverlər, məlumat saxlama sistemləri və digər müasir texnoloji avadanlıqların istehsalı ilə məşğul olan “Lenovo” 180-dən çox bazarda fəaliyyət göstərir.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, şirkətin ölkəmizdə fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək. Eyni zamanda Azərbaycanda birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Öz növbəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo” şirkətinin nümayəndələrinə hökumətin İT şirkətləri üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması barədə məlumat verib. Nazir vurğulayıb ki, vergi, miqrasiya, gömrük qanunvericiliyinə və “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanıb. Bu dəyişikliklər sayəsində sistem inteqrasiyası və proqram təminatının hazırlanması ilə məşğul olan İT şirkətləri Azərbaycanda fəaliyyət göstərərkən xeyli imtiyazlar əldə edəcəklər.
Məlumat üçün bildirək ki, bu günlərdə Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə beynəlxalq İT istehsalçılarının nümayəndələrini və Azərbaycanın korporativ sektorunun 200-dən çox təmsilçisini bir araya gətirən “Lenovo Day Baku” adlı tədbir keçirilib. İştirakçılar regionda rəqəmsal biznes transformasiyasının tendensiyalarını və mövcud problemləri müzakirə ediblər. Tədbir çərçivəsində Azərbaycanda müəssisələrin rəqəmsal ekosistemlərini dəstəkləmək üçün uğurla tətbiq olunan texnoloji həllər və yeni biznes modelləri təhlil olunub.