Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci ilin İş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) publik hüquqi şəxsin 01.01.2021-ci il tarixindən 01.07.2022-ci il tarixinədək olan hesabat dövrlərindəki fəaliyyəti əhatə olunub.
"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının məlumatında bildirilib.
Qeyd olunub ki, əzəli torpaqlarımızın işğaldan azad olunmasından sonra ağlasığmaz formada kütləvi minalanmış həmin ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə yaranan tələbatın əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması ANAMA-nın fəaliyyətinin genişləndirilməsini şərtləndirib, müasir tələblərə uyğun maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi işlərinə xüsusi önəm verilib, genişmiqyaslı işlərin yerinə yetirilməsi prosesində auditlə əsasən aşağıdakılar aşkar olunub.
Dövlət sifarişinə məqsədli vəsaitlərin ödənilməsi üzrə rəsmiləşdirilmiş müqavilələrə dövlət sifarişinin mahiyyətinə uyğun gəlməyən bəndlər daxil edilİB, minatəmizləmə fəaliyyəti üzrə dövlət büdcəsindən açılan maliyyələşmələr qanunvericiliklə sifarişçi-icraçı münasibətlərini tənzimləyən meyarlara tam uyğun həyata keçirilməyib.
2021-ci il üçün müqavilə məbləğinin tam həcmdə maliyyələşdirildiyi halda dövlət sifarişi 88,5% səviyyəsində yerinə yetirilib ki, bu da minatəmizləmə işləri üçün əlavə iddiaçı hüquqi şəxslərin müəyyənləşdirilməsi və sifarişlərin ötürülməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi prosesinin ilin sonunda tamamlanması və nəticə etibarı ilə ANAMA vasitəsilə kənar hüquqi şəxslər üzrə sifarişlərin icra olunmaması səbəbindən baş verib.
Eyni zamanda, ANAMA tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi predmeti üzrə bir mənbədən satınalma metodu tətbiq edilməklə eyni şərtlərlə iki illik müqavilələr bağlanmış 4 (dörd) yerli hüquqi şəxslə müqavilələrin bağlanıldığı 2021-ci ilin 10 dekabr tarixinə zəruri əmək resursları və maddi texniki bazası mövcud olmayıb, toplanmış audit sübutları həmçinin təklif olunan və müqavilələrlə rəsmiləşdirilən qiymətlərin tərkibinə (icraçıların qiymət təkliflərinə) cari xərclərlə yanaşı tam həcmdə əsaslı xərclərin (avadanlıq və texnikaların alışı) də daxil edilməsini göstərib ki, bu da qiymətlərə müəyyən dərəcədə təsir etdiyini deməyə əsas verib.
Bir neçə halda dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələbləri (prosedur xarakterli) gözlənilmədən 3297,8 min manat məbləğində vəsaitin xərclənməsi, dövlət satınalmaları çərçivəsində ehtimal olunan qiymətlərin optimal qaydada müəyyənləşdirilməməsi, eləcə də eyni adlı malların alışı üzrə ayrı-ayrı müqavilələrdə fərqli qiymətlərin tətbiq olunması vəsaitlərə qənaət olunmamasını səciyyələndirib.
İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinin yerinə yetirilməsi məqsədilə dövlət satınalmalarının icrası çərçivəsində mobil sahə düşərgələri və modul tipli bazalar üçün konteynerlərin quraşdırılması, nəqliyyat vasitələri və texnikaların ehtiyat hissələri ilə təchizatı və servis xidmətləri, müdavimlərə təlimlərin təşkili çərçivəsində yataq xidmətləri, icrası gecikdirilmiş müqavilələr üzrə cərimə məbləğlərinin tətbiq olunmaması üzrə ümumilikdə 96,2 min manat məbləğində artıq ödənişlərə yol verilib.
ANAMA-nın tabeliyindəki bütün strukturlar (o cümlədən, regional mərkəzlər) üzrə anbarda saxlanma, istismara buraxılma, istismardan geri qaytarılma, təkrar istifadə və s. kimi faktiki hallar üzrə ehtiyatların uçotunun, eyni zamanda ərzaq məhsullarının dövriyyəsinin (mədaxilinin, gündəlik qidalanma rejimi üzrə menyu-tələbnamələrinə uyğun silgisinin) uçotunun avtomatlaşdırılmış (proqram təminatı vasitəsilə) qaydada aparılması təmin edilməyib, həmin aktivlərin təsərrüfat daxili hərəkətinin yalnız kağız formasında uçotu müəyyən qüsurlarla müşayiət olunub ki, bu da strukturlar üzrə ehtiyatların sərfiyyatında (silgisində) və real tələbatın müəyyənləşdirilməsində bəzi intizamsızlıq risklərinin mövcudluğunu şərtləndirib.
Hüquqi aktların tələblərinə əməl edilməyərək ümumilikdə 504,5 min manat məbləğində vergilərin dövlət büdcəsinə hesablanması və ödənilməsi təmin edilməyib, eyni zamanda müvafiq hesabatlarda əvəzsiz əsaslarla əldə olunmuş 1916,9 min manat məbləğində aktivlərin dəyərinin gəlirlərə aid edilməməsinə, əsaslı xərclər üzrə 36736,4 min manat və ərazilərin minalardan və hərbi sursatlardan təmizlənməsi sifarişi verilmiş dörd rezident hüquqi şəxsə avans kimi 29534,9 min manat məbləğində ödənişlərin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsinə yol verilib.
ANAMA-nın əvvəlki (publik hüquqi şəxs statusuna qədərki) hesabat dövrləri ilə müqayisədə iş həcminin, dövlət büdcəsindən ayrılan maliyyələşmələrin, o cümlədən ştat kontingentinin və əməyin ödənişi ilə bağlı xərclərinin, eləcə də kənar hüquqi şəxslərə sifarişlərinin əhəmiyyətli artımı şəraitində minatəmizləmə üzrə iş həcmlərinin gündəlik icrası vəziyyətinin uçotuna, xüsusilə çirklənmə səviyyəsi yüksək olan ərazilərdə icraçı fiziki şəxslər (istər təsərrüfat, istərsə də podrat üsulla) üzrə işlərin gedişatına müşahidə imkanı verən elektron informasiya sisteminin formalaşdırılması (kənar hüquqi şəxslərin də bu sistemə inteqrasiya olunması) bununla da mərkəzləşdirilmiş qaydada daxili nəzarətin sərf olunan resursların artan həcminə adekvat olaraq gücləndirilməsi təmin edilməyib.
Audit dövründə ümumilikdə 612,5 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa olunduğu nəzərə alınmaqla, bu və digər uyğunsuzluqların aradan qaldırılması, eləcə də nizamnaməyə uyğun olaraq institusional tənzimləmə çərçivəsində funksional fəaliyyətdə istifadə edilən geyimlərin (xüsusi geyimlərin) və yumşaq inventarların istismar müddətlərini müəyyənləşdirən daxili normativlərin işlənilməsi və struktur vahidlərinin fəaliyyətində koordinasiyanın gücləndirilməsi istiqamətində müvafiq təkliflər irəli sürülüb.