Dekabrın 8-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xalqımızın ümummilli lideri, nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən "Unikal"a bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb, böyük şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbirdən öncə mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasimdə çıxış edərək qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə millətinə bağlı olan, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, müstəqilliyə gedən yolumuzu və gələcəyimizi işıqlandıran dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən geniş danışıb.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, şərəfli ömrünü ölkəmizin hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə işlənib hazırlanıb. Onun istefa verdiyi vaxtdan, yəni 1987-ci ilin oktyabrından 1993-cü ilin iyun ayında növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub. Ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan tərəqqi yoluna qədəm qoyub. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından söz açan ədliyyə general-leytenantı Xanlar Vəliyev həmin Sərəncamın və onun əsasında hazırlanan tədbirlər planlarının müddəalarının aidiyyəti qurumlar, o cümlədən Hərbi Prokurorluq Orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə uğurla icra olunacağına əminliyini ifadə edib.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində zəngin biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi, səmimiliyi və insanpərvərliyi ilə xalq məhəbbəti qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban xanım Əliyevanın respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü nəhəng işlər dövlətimizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə mühüm töhfələr verməkdədir.
Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü millətinə həsr edərək Vətən qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, böyük tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman dərin ehtiramla anılacaq.