"Azərbaycan dərman vasitələri üzrə daxili tələbatının 95 faizdən çoxunu idxal edir ki, onun da yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Rusiya və Ukrayna kimi ölkələrin payına düşür".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən müvafiq qaydalara uyğun həyata keçirilir:
"Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların ümumi sayının 13 493 adda olduğu halda, Şura tərəfindən son qiymət artımı ancaq 277 adda dərman vasitəsinə (cəmi 2%-nə) tətbiq olunub. Bunlardan 126 adda dərman vasitəsi (yəni 45%) Rusiya, Ukrayna və Belarus istehsalı olan dərmanlardır. Və bu ölkələrdən idxal olunan dərman vasitələrinin Azərbaycanda satış qiymətlərinin artması qaçılmaz idi. Son zamanlar Azərbaycanda bir neçə adda dərman vasitələrinin çatışmazlığı və təchizatı problemi ilə əlaqədar məsələ qaldırılıb. Bununla bağlı vəziyyət hökumət tərəfindən nəzarətə götürülüb. Hazırda həyati vacib dərmanların təminatında hər hansı bir ciddi çətinlik müşahidə olunmur. Qeyd etmək istəyirəm ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini ölkəyə gətirə bilər. Məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan “şəxsi istifadə üçün zəruri olan miqdar”ın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıq verilib. Fürsətdən istifadə edərək Milli Məclisin Səhiyyə komitəsinin üzvlərini müzakirələrdə iştirak etməyə və öz dəyərli təkliflərini verməyə dəvət edirəm".
Anar Kəlbiyev