14 dekabr 2022-ci il tarixində şəhid polkovnik Füzuli Cavadovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzi EKO-PARK-da keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhid Füzuli Cavadovun ailə üzvləri, hüquq-mühafizə orqanlarının və rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon İcra Hakimiyyəti basçısı Aparatının şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və məktəblilər iştirak edib. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Elşən Salahov şanlı zəfər yolundan danışaraq, vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını vurğulayıb.
Şair İlqar Fəhmi polkovnik Füzuli Cavadovun keçdiyi həyat yolundan, vətənə xidmətindən danışaraq, onun şeirə, poeziyaya olan sevgisini vurğulayıb. Sonra tədbirdə məclisi-üns təşkil olunub və kəndin ziyalıları tərəfindən şeirlər səsləndirilib.
Tədbir Füzuli Cavadovun xatirəsinə həsr olunmuş “Komandir” adlı sənədli filmin nümayişi ilə davam edib. Filmdə şəhid Füzuli Cavadovun ailə üzvləri, dostları və silahdaşları onunla bağlı xatirələrini bölüşüblər.
Sonda filmin yaradıcı heyəti – ssenari müəllifi Ülviyyə Tahirqızı, rejissoru Hüseyn Kazımov və redaktoru İlqar Rəsul filmin ərsəyə gəlməsindən danışaraq bu işdə onlara dəstək olan hər kəsə öz təşəkkürlərini bildiriblər.