Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu portuqaliyalı hücumçu Kristiano Ronaldo üçün tibbi müayinə təyin edib. 

"Unikal" xəbər verir ki, bu barədə "CBS Sports" klubun hazırlığının təfərrüatları barədə komandadakı mənbəyə istinadən məlumat yayıb.

Klub futbolçu və onun nümayəndələri üçün mənzil hazırlayıb. Qeyd olunur ki, komanda qış transfer pəncərəsinin əvvəlinə kimi hücumçu ilə müqavilə bağlamağı gözləyir. Həmçinin "Əl-Nəsr" transfer olacağı təqdirdə Ronaldonun baş məşqçi təyinatına qədər klubun idarəçiliyində böyük rol oynayacağını bildirib.

Qeyd edək ki, dekabrın 5-də Ronaldonun 2023-cü ilin yanvarında "Əl-Nəsr"ə keçəcəyi xəbəri yayılmışdı. Klub hücumçuya mövsüm başına 200 milyon avro maaş vəd edib. Lakin portuqaliyalı futbolçu bu məlumatı təkzib etmişdi. 

Ağarza Elçinoğlu