Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsinə görə yeni cərimələr müəyyənləşib.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni təklif edilən maddə müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.
Qanun qəbul edildiyi halda 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.
Anar Kəlbiyev