Son dövrlər Ali Məhkəməyə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 25 yeni hakim təyinatı aparılmaqla onun tərkibi 60 faiz təzələnib, məhkəmənin bütün kollegiya sədrləri dəyişdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, apellyasiya məhkəmələrinin bütün sədrləri və kollegiya sədrləri dəyişməklə, yeni, daha hazırlıqlı kadrlarla möhkəmləndirilib:
“Bu məhkəmələrin hakim korpusunun yarıdan çoxu təzələnib. Fəaliyyətini yeni çağırışlara uyğun qura bilməyən 15-dək hakim qeyd edilən məhkəmələrdən aşağı işə keçirilib. Hakimlərin məsuliyyət hissinin artırılması məsələləri də daim diqqətdə saxlanılıb, hakim adına layiq olmayan şəxslər bu sistemdən kənarlaşdırılıb. Dövlət başçısının qeyd edilən fərmanının icrası çərçivəsində qəbul edilmiş hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni şəffaf Qaydaları bu sahədə səmərəli mexanizm rolu oynayıb. Ötən dövrdə bu Qaydalar əsasında 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib və işində peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətləri xitam edilib, 20 nəfərə fəaliyyətində dönüş yaratması üçün vaxt verilib”.