Bir müddət öncə “Azercell Telekom” MMC-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində təşkil olunan İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri yekunlaşıb.
"Unikal" xəbər verir ki, layihəyə qoşulan ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə ediblər.
Belə ki, imtahan əsasında seçilmiş müəllimlərə 6 həftə boyunca 12 saat ərzində fundamental proqramlaşdırma mövzuları izah edilib və 150-ə yaxın alqoritmik məsələ həll olunub. Müdavimlər paytaxt ümumtəhsil müəssisələrini və bölgələri əhatə edib. Təlimin sonunda müdavimlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yekun imtahanlara cəlb olunublar.
Qeyd edək ki, son illərdə məktəblilərimizin informatika fənni üzrə nailiyyətləri artan tendensiya ilə davam edir. Bu da öz növbəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında bu fənn üzrə olimpiada proqramının mənimsənilməsinə təlabat yaradır. 2017-ci ildən etibarən Azercell şirkəti Elm və Təhsil Nazirliyinin rəsmi tərəfdaşı olaraq məktəblilərimizin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təlim proqramlarının nəticəsində gənc istedadlar ölkəmizi layiqincə təmsil edir, yarışlardan qalibiyyətlə qayıdırlar.