"2015-ci ildə devalvasiya olanda ciddi təsirlənmiş kiçik sahibkarların boğulmaması üçün vergi qanunvericiliyinə bir dəyişiklik edilib. Belə ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verən illik dövriyyə məbləği 120 000 manatdan 200 000 manata qədər artırılıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, həmin vaxt 5 manata satılan məhsul bu gün 10 manata çatıb:
"Bu da sahibkarın dövriyyəsini avtomatik olaraq nominal şəkildə 2 dəfə artırır. Amma hələ də sadələşdirilmiş vergi ödəyiciləri üçün 200 000 manatlıq limit dəyişmir. Bu, sahibkarlar üçün ciddi problem yaradır. Məbləğ 200 min manat təyin ediləndə məqsəd kiçik sahibkarlığın ƏDV-dən azad edilərək onların dəstəklənməsi, fəaliyyətlərinin stimullaşdırılması idi. Amma 2015-ci ildən bəri hər il yüksələn inflyasiya, artan qiymətlər 8 ildə nominal dövriyyəni artıraraq 200 000 manatlıq limiti əslində 100 000 manatlıq effektiv həddə salıb. Hətta cərimələr 500%-ə qədər artıb. Əvvəl çek təqdim etməyəndə sahibkar birinci dəfə 400, sonra 800, daha sonra 1200 manat cərimə edilirdi. Amma indi bu cərimə məbləği analoji olaraq 1000 manat, 3000 manat və 6000 manata çatdırılıb".
Ekspert bildirib ki, 200 000 manat məbləğin 500 000 manata qaldırılmasına ehtiyac var:
"Müəyyən sahibkarlar bu limiti keçməmək, ƏDV ödəyicisi olmamaq üçün 1001 yolla yayınmağa çalışırlar. Nəticədə vergidən yayınma baş verir. Ona görə də yaxşı olardı ki, bu məbləğə yenidən baxılsın və eyni zamanda, diferensiallıq tətbiq edilsin. Təklif edirik ki, sadələşdirilmiş vergi mexanizmi 500 000 manata qədər olan dövriyyədən 2%, 500 min - 800 min manat intervalında olan hissə üçün 3%, 800 mindən 1 milyon manata qədər olan dövriyyədən isə 4% müəyyən edilsin. Bunu ən yaxşı variant hesab edirik. Ən pis halda isə 2015-ci ildən 2023-cü ilin əvvəlinə qədər olan 8 illik dövr ərzində indilyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi mütləqdir. Sadələşdirilmiş vergi siyasətinin davamlı, uğurlu olması üçün qarşıdakı illərdə də hər 3 ildən bir bu məbləğ 3 illik indeksasiya edilməlidir. Bu zaman kiçik sahibkarlar rahat işləyər, dövriyyəni gizlətməyə çalışmaz. Nəticədə həm vergi yığımı, həm də vergi mədəniyyəti artar, dövlət də, sahibkar da udar".
Anar Kəlbiyev