"Bu gün hələ də  istintaq təcridxanasında 19 ayın üzərində saxlanılan şəxslər var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.  

O bildirib ki, vətəndaş istintaqa çəkilibsə, onun təqsirləndirilən şəxs kimi istintaq təcridxanasında saxlanmasının müddəti var: “Cinayət qanunvericiliyində bu müddət 13 aydır. Əgər ağır cinayət hadisəsidirsə, bu halda məhkəmə 6 ay möhlət istəyə bilər. Keçmiş sovet dövründə cəmi 6 aya şəxslə bağlı ya hökm çıxarılmalı, ya da azadlığa çıxmalı idi. İndi isə 19 ayın üzərində hələ də istintaq təcridxanasında saxlanılan şəxslər var. Bu necə ola bilər?! Bu, vətəndaşın azadlıq hüququnun pozulması deməkdir. Belə nümunələr çoxdur. Vətəndaş bilmir ki, real olaraq günahkardır, yoxsa yox. Birdən sabah sübut olunur ki, vətəndaşın həmin məsələdə hər hansı günahı yoxdur. Bütün bunları nəzərə alaraq cinayət qanunvericiliyinin icra vəziyyətinə dair dinləmələrin keçirilməsi komitəmizin yaz sessiyası üçün iş planına daxil edilib”.

Anar Kəlbiyev