AMEA-nın Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üçün illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə FRTEB-ə daxil olan elmi müəssisələrin, o cümlədən İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 2022-ci ildəki elmi nailiyyətləri nümayiş olunub.

İnstitutun alimləri tərəfindən 2022-ci ildə müəyyən olunmuş elmi istiqamətlər üzrə müvafiq tədqiqat işləri aparılmışdır. İdarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi institutun əsas elmi istiqamətləri üzrə görülən elmi-tədqiqat işlərinin nəticələri ölkənin müxtəlif təşkilatlarında tətbiq edilmişdir.

Belə ki, «Əşyalar interneti» əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması, xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının bort kompüteri, uçuş kontrolleri, xüsusi rabitə, uçuş idarəetmə sisteminin və müvafiq proqram təminatının işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları kimi potensial layihələr həyata keçirilmişdir.

Hesabat ilində SCADA modeli və Əşyaların İnterneti (İoT) əsasında idarəetmə sistemi işlənmiş və ilkin olaraq Azneft İB-nin Bibiheybət mədənindəki quyularda tətbiq edilmişdir. Hazırda neft sənayesində geniş tətbiq olunan SCADA (Supervisory Control and Data Acquisition) tipli sistem iqtisadiyyatın bir çox sahələrində istifadə olunduğu kimi, enerji sistemində və elektrik şəbəkələrində də uğurla tətbiq olunur. İnstitutun məhsulu olan bu sistem neft sənayesində geniş tətbiq olunmağa başlamışdır. Kompüter bazaları əsasında qurulan və proqramlaşdırılan avtomatik idarəetmə sistemlərindən olan SCADA sistemləri sürətli avtomatlaşdırma və informasiyalaşdırma idarəetmə sistemlərinin işlənib hazırlanmasında və tətbiqində kiber təhlükəsizlik məsələlərinin həllini ön plana çıxarır.

Ötən il institutda Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat proqramlarının müsabiqəsinə təqdim olunan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərinin işlənib hazırlanması həyata keçirilmişdir. İnstitut alimləri tərəfindən pilotsuz uçuş aparatlarının idarəetmə sistemi və həmin sistemi yerinə yetirən bort-kompüter yaradılmışdır. Pilotsuz uçuş aparatları vasitəsi ilə azad edilmiş ərazilərdə müşahidələrin aparılması və xəritələrin çəkilməsi həyata keçirilməsi planlaşdırılır.

İdarəetmə Sistemləri İnstitutunda ötən il ərzində «Çağrı mərkəzləri üçün intellektual məlumat-sorğu sisteminin yaradılması» layihəsi həyata keçirilmişdir. Mürəkkəb və çətin formalizasiya olunan məsələlərin həllində önəmli rol oynayan təbii dillərin emalı və Azərbaycan dili əsasında hazırlanan və bir neçə çağrı mərkəzində təcrübi sınaqdan keçmə mərhələsində olan robot operator kimi tətbiqi əhəmiyyətə malik mühüm tədqiqatlar həyata keçirilmişdir. Az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları əsasında azərbaycan dilinin tanınması, başa düşülməsi və sintez məsələsinin həlli, müvafiq sahələrdə, o cümlədən robot çağrı mərkəzlərində, təhsildə (robot-repetitor, virtual təhsil) və s. tətbiqi planlaşdırılır.

İnstitutda, həmçinin AR Kənd Təsərrüfatı Nazirliyi üçün “Ağıllı kənd” platforması əsasında İKT komponentlərinin qurulması sistemi yaradılmış və Zəngilanın Ağalı kəndində uğurla tətbiq edilmişdir. Konsepsiyanın əsas məqsədi istismar xərclərinin azalması, yaşayış səviyyəsinin yüksəldilməsi və əhalinin yüksək sürətli internetlə təmin edilməsindən ibarətdir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunmuşdur. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Ötən il institutda küyün yüksək tərtib statistik xarakteristikalarının qiymətlərinin hesablanması üçün alqoritmlərin işlənib hazırlanması, geniş diapazonda sistemlərin fəaliyyətini pozan və qeyri-sabitliyə səbəb olan qəfil dəyişən rejimlərin modelləşdirilməsi metodologiyası, qeyri-lokal başlanğıc və sərhəd şərtli parabolik tənlik üçün tərs mənbə məsələləri sinfinin tədqiq olunması və s. tədqiqatlar əsasında mühüm elmi nəticələr əldə olunmuşdur. Əldə olunan mühüm elmi nəticələr Web of Science, Scopus kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşmişdir.

İnstitut əməkdaşları tərəfindən 2022-ci ildə 299 məqalə (84-ü “Web of Science” və 56-sı “Scopus” bazalarında), 214 tezis, 2 kitab (2-si xaricdə), 5 dərs vəsaiti və 5 monoqrafiya (1-i xaricdə) çap olunmuş, onların əsərlərinə 2244 istinad edilmişdir. Həmçinin AMEA-nın Xəbərləri “Informatics and Control Problems” jurnalının 2 sayı nəşr olunmuşdur.

İl ərzində 7 elmi tədqiqat işinin nəticələri Azneft İB-nin Bibiheybət mədənindəki quyular, Zəngilanın Ağalı kəndi, Dövlət İmtahan Mərkəzi, Milli Aviasiya Akademiyası və s. kimi dövlət əhəmiyyətli qurumlarda müxtəlif sahələr üzrə praktiki olaraq tətbiq edilmişdir. İnstitutun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosunun istehsalatda tətbiq olunan elmi-tədqiqat işlərindən büdcədən kənar 300.000 manat vəsait əldə olunmuşdur.

Ötən il 6-sı Avrasiya və 1-i respublika olmaqla, ümumilikdə 7 patent alınmış, 6-sı Azərbaycan Elm Fondunun elan etdiyi “Əsas Qrant Müsabiqəsi - 2022” və 1-i Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində olmaqla, qrant layihəsinin müsabiqələrinə institutun əməkdaşları tərəfindən ümumilikdə 7 layihə təqdim edilmişdir.

2022-ci ildə institut əməkdaşlarının rəhbərliyi ilə həyata keçirilən «İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişafı və təhlükəsizlik mühitini təmin etmək üçün PUA-ların monitorinqi metodlarının təkmilləşdirilməsi», «İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün əşyaların interneti (IoT) intellektual sisteminin qurulması və tətbiqi» və «Süni intellekt üzrə milli standartların işlənməsi» mövzusunda layihələr Azərbaycan Elm Fondu tərəfindən 19 avqust 2021-ci ildə elan edilən “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinin qalibləri seçilmişlər. İSİ alimləri, həmçinin 2022-ci ilin fevral ayında təqdim edilmiş ERASMUS+ (Action KA171) proqramının “Ali təhsil tələbələri və işçi heyəti üçün mobillik” əməkdaşlıq layihəsinin qalibi olmuşlar.

İSİ-də yüksək ixtisaslı kadr potensialının inkişaf etdirilməsi uğurla həyata keçirilmişdir. İnstitutda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı istiqamətində doktorantura və dissertantura pillələri üzrə 4 elmlər doktoru və 6 fəlsəfə doktoru dissertasiya işləri uğurla müdafiə edilmiş, müdafiəyə təqdim etmək üçün isə 5 fəlsəfə doktorluğu dissertasiya işi başa çatdırılmışdır. İnstitutda çalışan 198 elmi işçidən 35-i elmlər doktoru, (2-si AMEA-nın həqiqi üzvü, 4-ü AMEA-nın müxbir üzvü) və 47-si fəlsəfə doktorudur.

Hesabat ilində yerli və beynəlxalq elmi qurumlarla əməkdaşlıq əlaqələri genişləndirilmiş, institutun təşkilatçılığı ilə 6 beynəlxalq konfrans və 1 elmi sessiya keçirilmişdir. İnstitutun bir sıra alimləri respublikada və xaricdə bir çox təhsil müəssisələrinə mühazirə oxumaq üçün dəvət olunmuş, elmi tədqiqatlar aparılmış, elmi əsərlər çap olunmuşdur.

İSİ-də, həmçinin elmin populyarlaşdırılması istiqamətində əməli tədbirlər görülmüş, müxtəlif sosial şəbəkələrdə (facebook, youtube və s.) institutun rəsmi səhifələri, www.isi.az rəsmi saytı fəaliyyət göstərmiş və 2022-ci il üzrə müsbət inkişaf dinamikası qeydə alınmışdır. Ötən ildə 1256 xəbər, 88 elan yerləşdirilmiş və alimlərin səhifələri yenilənmişdir. Sayta 39239 dəfə keçid edilmiş, 121103 dəfə səhifə görüntülənmişdir. 10707 dəfə birbaşa olaraq, 21067 dəfə Google-dan, 4905 dəfə sosial şəbəkələrdən, 2560 dəfə referal saytlardan keçid edilmişdir. 2010-cu ildən aktiv fəaliyyət göstərən və AMEA-nın veb səhifələrə qoyduğu tələbləri tam ödəyən veb saytda informasiyalar operativ şəkildə, azərbaycan, ingilis və rus dillərində işıqlandırılmışdır.