"Pensiya sistemindəki əsaslı islahatarın vacib məqamı pensiya yaşı ilə bağlıdır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu əsasda Azərbaycanda kişilərin pensiya yaşı 63-dən 65 yaşa çatdırılıb".
Bunu "Unikal"a açıqlamasında deputat Əli Məsimli deyib. O bildirib ki, qadınların yaş həddinin 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq 2027-ci ildə 60-dan 65 yaşa çatdırılması qərarlaşdırılıb:
"Azərbaycanda kişi və qadınların bir hissəsi pensiya yaşına çatana qədər, bir hissəsi də pensiyaya çıxandan bir neçə il sonra dünyasını dəyişir. Azərbaycanda pensiya yaşının 65 yaşa çatdırılması ölkəmizdəki real ömür uzunluğuna uyğun deyil. Yaşlı insanların beynəlxalq praktikada olduğu kimi, 12 il və daha çox müddət pensiya ala bilməsi üçün pensiya yaşının 60 yaşın ətrafında olması daha məqbul variantdır. Ona görə də bundan sonra qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsini düzgün hesab etmirik. Eyni zamanda pensiya yaşı məsələsinin müzakirəyə çıxarılmasını vacib hesab edirik. Hazırda Azərbaycandakı pensiya sisteminin beynəlxalq praktikada uğurlu nümunələri olsa da, Azərbaycan reallıqları şəraitində tətbiq edilən variant müsbət cəhətləri ilə yanaşı, həm də xeyli dərəcədə qüsurludur. Ona görə sığorta-pensiya sisteminin hazırkı variantı bir sıra cəhətlərinə görə getdikcə özünü doğrultmayacaq. Bu özünü pensiya yaşı çatmış əhalinin daha çox hissəsinin pensiya almaqdan məhrum olması timsalında qabarıq göstərəcək".
Deputat qeyd edib ki, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata çatdırıldıqdan sonra minimum pensiya kapitalı bu ilin yanvarın 1-dən 34 560 manatdan 40 min manatdan yüksəyə qalxıb:
"Ölkə üzrə orta əmək haqqı 730 manat ətrafında, median əmək haqqına işləyənlərin yarısının hər ay aldıqları əmək haqqı isə 400 manatın üstündədir. Deməli, bu sistemdə dəyişiliklər edilməsə, əhalinin median əmək haqqı ətrafında əmək haqqı alan hissəsi, xüsusən, regionlarımızda çalışanların xeyli hissəsi minimum pensiya kapitalı toplaya bilməyəcək, 25 illik iş stajı əsasında isə ən yaxşı halda minimum pensiya səviyyəsində pensiya ala biləcək. Azərbaycanda fəaliyyətdə olan sığorta-pensiya sistemində əsaslı islahatlar aparılmasa, getdikcə yaşlı əhalinin daha çox hissəsi, məsələn, 350-400 manatlıq pensiya əvəzinə, 220 manatlıq yaşa görə müavinət almalı olacaq. Ən yaxşı halda isə 25 illik iş stajına əsasən, 280 manatlıq minimum pensiya və ya ondan bir qədər artıq pensiya alacaq. Bu isə regionlarda yoxsulluğun əhatə dairəsini xeyli genişləndirəcək. Bu qüsurları aradan qaldırmaqdan ötrü pensiya sistemində əsaslı islahatlara ehtiyac var. İslahatarın digər vacib məqamlarından biri də dünya praktikasından məlum olan risk amillərini yetərincə nəzərə almaq və ciddi şəkildə qiymətləndirmək şərtilə özəl pensiya fondlarının formalaşdırılmasıdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özəl pensiya fondlarının yaradılması ilə bağlı araşdırmalar aparılır".
Anar Kəlbiyev