Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 93 ünvanında fiziki şəxs Qocayev Yavər Fəxrəddin oğluna məxsus ət satış mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı ət satışı mağazasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən, üzərində möhürü olmayan ət məhsullarının satışının həyata keçirildiyi, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, işçinin sanitar geyim qaydalarına riayət etmədiyi və tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Faktla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.