27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə "Unikal"a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Sergey Lavrov İrandakı səfirliyimizə silahlı hücumu qətiyyətlə pisləyib, Səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. Cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.
Ceyhun Bayramov həmkarına zəng və başsağlığına görə təşəkkür edib. Xain terror hücumunu nazir tərəfindən qınanıb. Sözügedən terror aktını törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Lavrov Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.