Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi artırılıb. Faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılıb.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın bu qərarı gözlənilən idi:
"Dünya banklarında da faiz dərəcələri artırılıb. Azərbaycan da buna paralel addımlar atır. Əlbəttə ki, uçot dərəcəsinin artırılmasının bankların kredit faizlərinə təsiri olacaq. Kredit faizləri yüksələcək.
Uçot dərəcəsinin artırılmasının inflyasiyaya hər hansı ciddi təsirinin olacağını isə düşünmürəm, çünki bizdə Mərkəzi Bankın uçot dərəcəsi ilə inflyasiya prosesi arasında ciddi bir korrelyasiya yoxdur. İnflyasiya səviyyəsi yüksək olanda da, aşağı olanda da bunun uçot dərəcəsi ilə birbaşa əlaqəsi olmayıb.
Təbii ki, dolayı təsirlər ola bilər. Kredit faizləri artdıqca, tələb azala bilər. Kreditlərə tələbin azalması inflyasiyaya da təsir göstərə bilər. Bu, böyük həcmli satışlara, məsələn mənzil və avtomobil satışına aid ola bilər, amma ərzaq kreditlə alınmır. Yəni, bu qərar ərzaq qiymətlərinin dəyişməsinə təsir göstərməyəcək.
Ərzaq qiymətləri ilə bağlı hökümətin görəcəyi işlər daha çoxdur", - deyə o qeyd edib.
Murad İbrahimli