Abşeron rayonunda “2 Fevral - Gənclər Günü” rayonun fəal gəncləri ilə birgə qeyd edilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktoru, Bakı Mühəndislik Universitetinin rektoru, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru, şəhid ailələri, qazilər və gənclər iştirak edib. 

İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzüblər. 

Daha sonra Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçmiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətininin başçısı Abdin Fərzəliyev bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi çox böyük və uğurlu inkişaf yolu keçib.  Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixi “Gənclər Günü” elan edilib. Qeyd olunub ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazası formalaşdırılıb və onların sosial, iqtisadi problemlərinin həllinə, asuda vaxtlarının səmərəli təşkilinə yönələn, eləcə də öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları qəbul olunaraq icra edilib.  

RİH başçısı vurğulamışdır ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər dövlət idarəçiliyinə cəlb olunub, o cümlədən gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təşkili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün münbit şərait yaradılıb. 

Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclər yetişmişdir. Qeyd olunmuşdur ki, müstəqillik dövründə doğulub böyüyən, vətənpərvərlik ruhunda təlim-tərbiyə olunan gənclərimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib. 

Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova  çıxış edərək ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açıblar. 

Sonra rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və hədiyyələr verilib. 

Bundan əlavə rayon gəncləri II Fəxri Xiyabanda, Xırdalan şəhər Şəhidlər Xiyabanında, o cümlədən rayonun kənd və qəsəbələrində şəhidlərimizi ziyarət etmiş, məzarları üzərinə gül dəstələri düzüblər. 

Qeyd edək ki, “2 Fevral - Gənclər Günü” ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Xirdalan şəhərindəki Mədəniyyət Mərkəzində “Müzəffər vətənin qəhrəman gəncliyi” mövzusunda da ədəbi-bədii tədbir keçirilmiş və rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar verilib.