Serbiya Respublikasının Baş nazirinin birinci müavini, xarici işlər naziri İvica Dacic Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.
XİN-dən "Unikal"a verilən xəbərə görə, İvica Dacic Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Ceyhun Bayramova başsağlığı məktubu ünvanlayıb.
“Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum nəticəsində səfirliyin mühafizə rəisinin öz vəzifəsini yerinə yetirərkən həlak olması və iki təhlükəsizlik xidmətinin əməkdaşının yaralanması ilə bağlı xəbər məni dərindən sarsıtdı. Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını imzalamış ölkə olaraq, Serbiya Respublikası diplomatik və konsulluq nümayəndəliklərinə qarşı hər hansı hücumu qəti şəkildə pisləyir və yolverilməz hesab edir. Serbiya Respublikasının Xarici İşlər Nazirliyi adından və şəxsən öz adımdan hücumun qurbanı olmuş şəxsin ailəsinə, sizə, Nazirlikdəki bütün həmkarlarıma və bütün Azərbaycan xalqına başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, - məktubda deyilir.