Çində real ola bilməyəcək qədər ucuz qiymətə satışa çıxarılan lüks idman avtomobili alıcıların diqqətini çəkib.
"Unikal" xəbər verir ki,Yinçuan şəhərindəki "Porsche" dileri avtomobili cəmi 124.000 yuana (təxminən 18 min 300 dollara) satışa çıxarıb. Amma "Porsche"nin Panamera modelinin başlanğıc qiyməti əslində 148.000 dollardır.
Alman avtomobil istehsalçısının sözçüsü BBC-yə bildirib ki, qeyd olunan satış qiymətində ciddi səhvə yol verilib və dərhal dəyişdirilib:
"Satış prosesinə görə anbarda yalnız bir avtomobil olduğundan, "Yinchuan Porsche" dileri onlayn rezervasiya haqqını ödəmiş ilk müştəri ilə əlaqə saxlayıb və müvafiq nəticəyə nail olmaq üçün danışıqlar aparıb".
Diler də təklif edən hər kəslə görüşüb, vəziyyəti izah edib, üzr istəyib.
Bəziləri şirkətin “məsuliyyətsiz davrandığını”, bəziləri isə bunun yaxşı satış strategiyası olduğunu yazıb.
"Porsche" 20 ildən çoxdur ki, Çində avtomobil satışı ilə məşğuldur. Çin keçən ilin ilk altı ayında 6,2 milyard dollarlıq satışla "Porsche"nin qlobal miqyasda ən böyük bazarına çevrilib.