Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclası çərçivəsində Yaşıl Enerji Məşvərət Şurasının ilk iclasını keçirdik. Bununla bağlı sizi təbrik edirəm.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuat konfransında deyib.
Aİ komissarı artıq üçüncü dəfə Bakıya səfər etdiyini xatırladıb.
“Azərbaycan etibarlı və etimad etdiyimiz tərəfdaşdır. Bununla bağlı heç bir şübhə yoxdur. Bizim əməkdaşlığımız uzun müddətlidir. Cənub Qaz Dəhlizinin Avropanın enerji bazarında vacib rolu var və biz enerji əlaqələrimizi daha da gücləndirmək istəyirik. Bugünkü iclasda CQD-nin genişləndirilməsi müzakirə olundu. Azərbaycanın bu prosesə fəal qoşulmasını təqdir edirik. Biz Transxəzər layihəsinə də nəzər saldıq. Düşünürəm ki, əməkdaşlığımız təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil. Azərbaycanın bərpaolunan enerji ilə bağlı gözəl potensialı var. Bu gün bu məsələ də müzakirə olundu. Aİ Azərbaycanı yaşıl enerji sahəsinə sərmayə sahəsində də dəstəkləyir”, - Aİ komissarı qeyd edib.
Kadri Simson diqqətə çatdırıb ki, 2022-ci il çox ağır il olub: “Biz enerji böhranını gördük, Avropada enerji qiymətləri artdı. Rusiya Ukraynada müharibəyə başladı və biz Rusiyadan qaz təchizatını dayandırdıq. Biz müəyyən addımlar atdıq, limit tətbiq etdik. Eyni zamanda, Azərbaycan bu çətin anda köməyə gəldi. Azərbaycan qaz təchizatını artırdı. Biz Azərbaycana təşəkkür edirik”.