Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universitetinin rəhbər şəxsləri ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) görüş keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə qonaqları Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verib.
Konfrans zalında keçirilən görüşdə ASAPES-in Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, Maliyyə, təsərrüfat və inzibati işlər üzrə prorektor Rizvan Əliyev, Elmi katib Bəxtiyar Rüstəmov, Hərbi elmi-tədqiqat İnstitutunun rektoru, polkovnik Arif Həsənov və akademik heyət iştirak edib.
Görüş zamanı Akademiyada həyata keçirilən tədbirlər və layihələr, Elmi-tədris laboratoriyasının iş fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Bu müzakirələr çərçivəsində Akademiyanın fəaliyyət istiqamətləri üzrə gələcəkdə işbirliyinin qurulması və inkişafı məqsədilə əməkdaşlıq haqqında ikitərəfli Memorandumun imzalanması da nəzərdə tutulan iş planına daxil edilib.