"Əminəm ki, Vardanyan özünün fransız kampaniyaları vasitəsilə və çox güman ona məxsus olan Fransa pasportundan istifadə edərək Qarabağdakı mədənləri vəhşicəsinə qarət edir".
"Unikal" xəbər verir ki, bu sözləri “Rusiya və Fransanın Cənubi Qafqazda və Afrikada mübarizəsi” mövzusunda keçirilən dəyirmi masada Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov söyləyib.
S.Markov qeyd edib ki, Afrikada mövqelərini itirən Fransa Prezidenti Emmanuel Makron Qafqazda möhkəmlənmək qərarına gəlib. Ekspert əlavə edib: “Makron Ermənistanda sıçrayış edib. İndi Fransa parlamentində Azərbaycan və Rusiya əleyhinə silsilə qətnamələr qəbul edilir. Paris çalışır ki, Ermənistan Rusiyanın yox, Fransanın müttəfiqi olsun”.
Politoloqun fikrincə, eyni zamanda, Ermənistan KTMT-dən çıxmayacaq. “Ermənistan bu təşkilatda qalaraq KTMT-nin fəaliyyətini pozacaq və iflic edəcək. Ermənistan rəhbərliyi KTMT-nin fəaliyyətini daxildən dağıtmaq üçün əlindən gələn hər şeyi edir”, - deyə o əlavə edib.
S.Markovun sözlərinə görə, Fransa Cənubi Qafqazda bir neçə prinsipi rəhbər tutur. Bu, rusofobiya və türkofobiyadır. Parisin anti-Azərbaycan mövqeyi anti-türk və islamofobiya amillərinə söykənir.