"Düşünürəm ki, seçkilər təxirə salına bilər. Türkiyənin 81 vilayətindən onunda zəlzələ baş verib. Milyonlarla insan zəlzələdən əziyyət çəkib".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyədə may ayında keçirilməsi nəzərdə tutulan seçkilərin təxirə salınma ehtimalından danışarkən deyib.
O bildirib ki, hazırda zəlzələdən zərərçəkən insanları yerbəyer etmək, onların mənzillə, lazımi imkanlarla təmin edilməsi gündəmdədir.
"Bunu da yalnız indiki iqtidar uğurla edə bilər. Bu məsələlərin həll edildiyi zamanda seçkiqabağı diskusiyaların, seçki ilə bağlı iqtidar-müxalifət münasibətlərinin və s.-nin gündəmə gəlməsinə ehtiyac yoxdur. İndi əsas məsələ yaraları sarımaqdır. Bu məsələni də ən yaxşı edə biləcək qüvvə indiki hakim Ədalət və İnkişaf Partiyasıdır. Seçkilərin təxirə salınması ən düzgün variant olar. Düşünürəm ki, belə də olacaq", - deyə Q.Hüseynli bildirib.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin mayın 14-də keçirilməsi nəzərdə tutulur.
Anar Kəlbiyev