Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Qeyd olunur ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu məsələ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlərinə aid deyil:
"Xəbəri oxuyanda insan başa düşür ki, açıqlamanı verən şəxs təmsil etdiyi qurumun nə işlə məşğul olduğundan və dövlətin digər qanunlarından xəbərsizdir. Ümumiyyətlə, haqsız rəqabət və antiinhisarçılıq qanunvericiliyinin nəzarəti altına düşə biləcək hadisələr hansısa bir şirkətin bazarın 1/3-dən çoxuna nəzarət etdiyi zaman yaranır. "Trendyol" nəinki bazarın 1/3-nə, bəlkə də heç 5-10 faizinə nəzarət etmir.
İkincisi, vətəndaşlarımızın "Trendyol" vasitəsilə məhsulları sifariş vermək hüququ var. Bildiyimiz kimi, hər bir vətəndaş ay ərzində 300 dollar limitə qədər məhsul sifariş edə bilər. Onlar məhsullar üçün yol və digər xərclərin də ödənişlərini edirlər. Bu da antiinhisar qanunvericiliyinin nəzarət mexanizminə aid olmayan bir məsələdir.
Üçüncü bəhanələri ondan ibarətdir ki, bəzi insanlar oradan sifariş verib həmin məhsulları Azərbaycanda satırlar. Bu da absurd yanaşmadır. Dövlət orqanlarının buna qarışmağa hər hansı hüququ yoxdur. Bu, Bakıda da baş verə bilər. Mən gedib mağazadan köynək alaram, bir müddət sonra isə fikrimi dəyişib kiməsə sata bilərəm. Bunun hökümətə nə aidiyyatı var? Belə aydın olur ki, dövlət hər birimizin başının üzərinə nəzarətçi qoymalıdır ki, birdən biz 5 manata aldığımız məhsulu sabah haradasa satarıq. Əgər adıçəkilən Dövlət Xidməti işlə məşğul olmaq istəyirsə, dərman bazarı ilə məşğul olsun. Dərman bazarında elə şirkət var ki, elə bazarın yarısına nəzarət edir".
Ekspert qeyd edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycanda "Trendyol"a məhdudiyyət qoymağa ixtiyarı yoxdur:
"Bu, qanunla mümkün deyil, amma Azərbaycandır da, reallıqlar var. Tapşırıq gələ bilər ki, karqo şirkətləri "Trendyol"dan heç nə gətirməsin, vəssalam. Belə qeyri-qanuni və absurd inzibati yolla bu işi görə bilərlər.
İqtisadi və hüquqi məsələləri kənara qoysaq, bu həm də mədəni məsələdir. "Trendyol" qardaş ölkə dediyimiz Türkiyənin şirkətidir. Necə olur ki, qardaş Türkiyənin şirkətinə belə problem yaratmaq istəyirlər?", - deyə o bildirib.
Murad İbrahimli