Ombudsman şəxsiyyət vəsiqəsi ala bilməyən yetkinlik yaşına çatmış vətəndaşlarla bağlı təklif irəli sürüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində qeyd edilib.
Ombudsman hesabatda doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında şəhadətnamə ala bilməyən yetkinlik yaşına çatmış vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinin birinci abzasının sonuna “şəxsiyyəti təsdiq edən sənəd olmadıqda doğumun qeydə alınmasına dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında sorğu edən orqana təqdim edilməsi”ni özündə əks etdirən cümlənin əlavə edilməsini təklif edib.
Eyni zamanda doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi, eyni zamanda şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar şəhadətnamə ala bilməyən yetkinlik yaşına çatmış vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məsələsinin asanlaşdırılması məqsədilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2.2-ci maddəsinin sonuna mötərizədə “16 yaşına çatmış şəxsin doğum haqqında şəhadətnaməsi olmadıqda şəhadətnamədə qeyd olunan məlumatların sorğu əsasında müvafiq icra hakimiyyəti orqanından alınması”nı özündə əks etdirən sözlərinin əlavə edilməsi təklif edilib.
Anar Kəlbiyev