Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yaşıl dərə adlanan ərazidə yerləşən Qubadlı rayon Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbində olub.
“Unikal” xəbər verir ki, görüşdə RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri, həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbul zamanı 18 məsələ qaldırılıb ki, onlardan 6-ı yerində həll olunub, 4-ü baxılması üçün nəzarətə götürülüb. 8 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sonda sakinlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə, keçmiş məcburi köçkünlər üçün görülən bütün işlərə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, yaşadıqları ərazidə asfalt örtüyünün, içməli su xətlərinin, eləcə də telefon, işıq xətlərinin çəkilməsi və transformatorun qoyulmasında köməklik göstərdiyinə görə RİH başçısı Malik İsaqova təşəkkür ediblər.
Malik İsaqov məktəb kollektivi ilə görüşüb, səmimi söhbət aparıb, onların problemləri ilə maraqlanıb.