"Bəzən dərmanların keyfiyyətinin aşağı olması ilə bağlı müraciətlər daxil olur. Bundan başqa, regionlarda seçici görüşlərində səsləndirilən narazılıqlardan biri də ambulator müalicə zamanı dərmanların əldə edilə bilməməsidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, dövlət tibb müəssisələrində stasionar müalicə zamanı dərman vasitələri dövlət tərəfindən qarşılanır: “Lakin ambulator müalicədə dərman təminatı zəifdir. Dərmanların qiymətlərinin yüksək olması çoxsaylı narazılıqlara səbəb olur. Bunlar hamısı nəzərə alınmalıdır. Bu məsələ ilə əlaqəli TƏBİB-in rəhbərliyi ilə danışıqlar aparılmalıdır. Təklif edərdim ki, ilk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin. Təbii ki, bu məsələnin həlli böyük ödəniş tələb edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondunun imkanları günü-gündən genişlənir. İlk olaraq qazi və şəhid ailəsinin üzvləri, sonrakı mərhələdə isə əlil və təqaüdçülər üçün bu imkan yaradılsın”.
Anar Kəlbiyev