"Terror hücumundan bir az qabaq, saat 21.28 dəqiqədə Fazil bəy mənə zəng vurmuşdu. İftar süfrəsindən gəlirdi, hələ evinə çatmamışdı".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, deputat həmkarı ilə bu günlərdə yazdığı yazılardan danışıb, zarafatlaşıb, sonra isə bu günlərdə birlikdə bir iftar süfrəsi təşkil edib ehtiyacı olan inanclı insanlarla bir araya gələcəklərinin detallarını müzakirə ediblər:

"İnternetdə bir az önca telefonda danışdığımız Fazil bəyin güllələnməsi xəbərini oxuyanda əvvəl inanmadım, təxribatçı məlumat ola biləcəyini düşündüm. Telefonunu yığdım, əvvəl xətt məşğul göstərdi, sonra zəng çatmadı. Ortaq dostlarımızı aradım. Hamı şokda idi. Qüdrət bəy nəhayət, qardaşı Nazim müəllimlə danışa bildi, təcili yardım maşını ilə stasionara götürüldüyünü öyrəndik. Şükür ki, düşmən niyyətinə çatmadı, Fazil bəy əməliyyat olundu, yaralarına və çoxlu qan itirməyinə baxmayaraq, idmançı bədəni möhkəmdir və qısa müddətdə sağlamlığı tam bərpa olunacaq".