Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə Cəmiyyətin nümayəndələri İmişli rayonu ərazisində Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında əkin sahələri əsasən Araz çayından su ilə təmin edilən İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının və aidiyyəti təşkilatların mütəxəssislərinin iştirakı ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, Görüşdə hazırda Bəhrəmtəpə hidroqovşağında saniyədə 53 kbm suyun olduğu (bunun 22 kbm-i Yuxarı Qarabağ kanalı vasitəsi ilə Araz çayını qidalandırır) barədə məlumat verilmişdir. Eyni zamanda bildirilmişdir ki, su itkilərinin qarşısının alınması məqsədi ilə respublikanın bir sıra bölgələrində torpaq məcralı kanallar beton üzlüyə alınır, o cümlədən İmişli rayonu ərazisində yerləşən Boztəpə və Qızılarx kanallarının beton üzlüyə alınmaqla yenidənqurulması işləri həyata keçirilir. Əkinlərin optimal müddətlərdə suvarma suyu ilə təmin edilməsi və su təminatının yaxşılaşdırılması məqsədi ilə yerli istismar idarələrinə səyyar tipli nasos stansiyaları verilmişdir.
Görüş zamanı su ehtiyatlarının qeyd olunan rayonlar arasında, hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun olaraq bölüşdürülməsi barədə qərar qəbul edilmişdir.
Son vaxtlar su təminatında ciddi çətinliklər yaranan Saatlı rayonunda Sabir kanalı suvarma sisteminin xidməti ərazisində yerləşən 14 kənd üzrə su bölgüsü qrafiki müəyyənləşdirilmişdir.
Su təminatı ilə məşqul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmatın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Eyni zamanda, su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərlərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi və gecə suvarmalarının təşkili barədə müvafiq tövsiyələr verilmişdir.