Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Querios ilə görüşüb.
"Unikal" xəbər verir ki, qonağa qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və mövcud problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri, həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində icra edilən işlər barədə məlumat verilib.
Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində daimi yaşayış yerini itirərək uzun illər məcburi köçkün vəziyyətində yaşayan vətəndaşların mərhələli şəkildə qayıdışının təmin edilməsini Prezident İlham Əliyev prioritet vəzifə kimi müəyyənləşdirib, Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların problemlərinin həllinə daim həssaslıqla yanaşır.
Bildirilib ki, dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində iş aparılır, irimiqyaslı layihələr həyata keçirilir. Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi, doğma yurd yerlərində dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün tədbirlər görülür. Məcburi köçkünlər arasında keçirilən sorğular zamanı onların mütləq əksəriyyəti işğaldan azad olunmuş ərazilərə qayıtmaq niyyətində olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin qalması, ağır nəticələrə və insan tələfatına səbəb olması, həmçinin Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətdən sonra da torpaqlarımızda mina terroru törətmək cəhdləri Böyük Qayıdışın daha da sürətləndirilməsini əngəlləyir. Eyni zamanda, BMT İnkişaf Proqramının ölkəmizdə minatəmizləmə potensialının gücləndirilməsinə və genişləndirilməsinə dəstək verməsindən məmnunluq ifadə olunub. Beynəlxalq təşkilatların, xüsusi ilə BMT təsisatlarının ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin həllində iştirakı da yüksək qiymətləndirilib.
Nuno Querios səmimi görüş üçün təşəkkür edib, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi və geriyə qayıdacaq sakinlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən layihələrdə mümkün əməkdaşlığa hazır olduqlarını bildirib. Qeyd olunub ki, hazırda BMTİP, Dövlət Komitəsi və digər qurum və təşkilatlara birgə icra edilən “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində münaqişələrdən təsirlənmiş qadınların münaqişə və travmalara qarşı dayanıqlılığının artırılması məqsədi ilə Bərdə, Ağcabədi və Tərtər rayonlarında yeni yaradılmış Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.