Martın 31-də Lənkəranda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub.
"Unikal" xəbər verir ki, səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə önünə tər güllər düzülüb, soyqırım zamanı günahsız qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsi dərin hüzn və ehtiramla yad olunub.
Qeyd edək ki, Bakı Soveti və daşnak erməni dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Lənkəran, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə amansızlıqla qətlə yetiriblər. Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Viravul, Girdəni, Cil, Osakücə, Darquba, Gərmətük və Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Lənkəran və ətraf rayonlarda ümumilikdə 40-dək yaşayış məntəqəsi yerlə-yeksan edilib, 2000-dən çox dinc sakin amansızlıqla qətlə yetirilib.
Soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə gün ərzində rayon ictimaiyyəti tərəfindən ziyarət olunub.