İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış ilk qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, belə bir təyinatın həyata keçirilməsi Azərbaycanda ilk təcrübə hesab oluna bilər. Məscidlərdə orta və ali dini təhsili olan qadınların dini ayin icraçıları kimi fəaliyyət göstərmələri İslam dininin dəyərlərini olduğu kimi təbliğ etmək, dini ayinləri doğru icra etmək, insanları xurafat və cahillikdən uzaqlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər”, “Xanım Fatimeyi-Zəhra”, Yasamal rayonu “İlahiyyat”, Sumqayıt şəhəri “Cümə”, Ceyranbatan yaşayış massivi “Ceyhun xanım və Hacı Əhməd”, Neftçala şəhəri “Sahibəz-Zaman”, Gəncə şəhəri, Bala Bağbanlar məhəlləsi “Fatimeyi-Zəhra”, Saatlı rayonu “Sımadakənd”, Şəki şəhəri “Mərkəzi Cümə”, İsmayıllı rayonu “Cümə” məscidlərinə təyin olunublar.