Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.
"Unikal" xəbər verir ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunda doğulub.
1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi başlanan zaman sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə oradan məzun olan Şükür Həmidov həmin il sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verib və 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirib.
Ali hərbi təhsilini başa vuran Şükür Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib. Şükür Həmidova Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən, “leytenant”, 1999-cu ildə “baş leytenant”, 2002-ci ildə isə “kapitan” hərbi rütbəsi verilib.
Müxtəlif illərdə Şahbuz şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini, Naxçıvan şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi və sonra həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilib.
Ş. Həmidov Füzuli rayonunun Horadiz şəhərində “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edərkən qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə “polkovnik-leytenant” hərbi rütbəsi alıb.
Aprel döyüşlərində Milli Qəhrəman Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri olub. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşləri o, idarə edilib. Nəticədə gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri və Lələtəpə zirvəsi işğaldan azad olunub.
Buna görə də Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.
2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Şükür Həmidova vaxtından əvvəl növbəti “polkovnik” hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.
2020-ci ildə 2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidov cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub.
Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər. Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub.
O, II Fəxri Xiyabanda dəfn olunub.
Şükür Həmidov ölümündən sonra Prezidentinin Sərəncamına əsasən, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.