Azərbaycanda istehlaka yararsız şokoladın satışı dayandırılıb.
Bu barədə "Unikal"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Avropa İttifaqının “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndən (RASFF) daxil olmuş məlumata əsasən İspaniya Krallığından Belçika Krallığına ixrac edilmiş badam məhsulunda Aflatoksin B1 və total aflatoksin miqdarının yolverilən həddən yüksək olması qeydə alınıb.
Məlumatda Belçika Krallığında fəaliyyət göstərən “Kim's Chocolates NV” şirkəti tərəfindən həmin məhsulun xammal olaraq istifadə edildiyi və məhsulun partiya nömrəsi öz əksini tapıb.
Aparılmış araşdırmalar nəticəsində qeyd olunan badam məhsulunun ölkəmizə idxal olunmadığı, lakin xammal olaraq istifadə edildiyi şokolad məhsulu partiyasının (180 kq) 2023-cü il 10 yanvar tarixində ölkəyə idxal olunduğu müəyyənləşdirilib. Bununla bağlı olaraq, Agentlik tərəfindən dərhal zəruri tədbirlərin həyata keçirilməsinə başlanmış, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin tələbinə əsasən, “Cachet dark orqanik badam və albalı” əmtəə nişanlı (istehsal və son istifadə tarixləri 29.10.2022 - 29.01.2024 olan şokolad məhsulu) həmin partiya məhsulun anbardan, bazardan, digər satış obyektlərindən və istehlakçılardan geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb.
Belə ki, Agentliyin müfəttişləri tərəfindən aparılan araşdırma zamanı sözügedən partiya məhsulun bir hissəsinin (99.6 kq) anbarda saxlanıldığı, qalan 80.4 kq məhsulun isə satış şəbəkəsinə verildiyi müəyyən olunub. Məhsulun satışının dayandırılması və 80.4 kq məhsulun ticarət obyektlərindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Agentlik istehsal və son istifadə tarixləri qeyd olunan dövrü əhatə edən “Cachet dark orqanik badam və albalı” əmtəə nişanlı şokolad məhsulunun alışını həyata keçirmiş pərakəndə satış subyektlərini məhsulun dərhal geri qaytarılmasını təmin etməyə, istehlakçıları isə bu məhsulu aşkar etdikdə bu barədə Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat verməyə çağırıb.