Azərbaycanda Baş prokurora yeni səlahiyyət verilir.
"Unikal" xəbər verir ki, bununla bağlı “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Baş prokurorun səlahiyyətləri sırasına prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsi də daxil edilir.
Təqdim edilən Qanun layihəsinə görə xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin, Azərbaycan Respublikasının Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.
Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.
Eyni zamanda Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Anar Kəlbiyev