Mart ayı üzrə xaricdə təhsil almış və diplomunun tanınması ilə bağlı 516 müraciətçinin 486-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 30 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə "Unikal"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, təhsil forması səbəbi ilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 219, Rusiya Federasiyasından 110, Türkiyə Respublikasından 95, Belarus Respublikasından 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 74, maliyyə üzrə 67, menecment üzrə 39, hüquqşünaslıq üzrə 35, bizensin idarə edilməsi üzrə 31 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.