"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike, eks sevgilisi, dünya şöhrətli müğənni Şakiradan ayrıldıqdan sonra sosial mediada izləyicilər tərəfindən davamlı olaraq tənqid atəşinə tuş gəlib.
"Unikal" xəbər verir ki, bu barədə açıqlama verən Pike onların dediklərinə əhəmiyyət vermədiyini vurğulayıb:
"Keçən ildən bəri yaşadığım bütün problemlər ispan olmağımla bağlıdır. Onun (red. - Şakira) pərəstişkarlarından nə cür mesajlar aldığımı bilmirsiniz. Bu insanları həqiqətən tanımıram. Onların öz həyatları yoxdur və sadəcə robot kimi ancaq tənqid edə bilirlər. Onlar hansı dəyərə sahibdir? Sıfır. Bu insanlarla real həyatda heç vaxt qarşılaşmayacaqsınız. Həmin şəxslər sizin narahat olmanızı istəyirlər, amma bunu etsəniz, qalib gələcəklər. Siz buna əhəmiyyət vermədiyinizi göstərməlisiniz, çünki bu, onları daha da qəzəbləndirir".
Pike Şakiranın onun və yeni sevgilisi 23 yaşlı Klara Çia haqqında oxuduğu mahnılara isə belə münasibət bildirib:
"Bəzən insanlar qəzəbinin digər insana vura biləcəyi nəticələr barədə düşünmürlər... Amma bu, əla ideyadır".
Şakira açıqlamadan sonra tviter hesabında "İspan olmaqdan qürur duyuram" deyə tvit yazıb.