Bu gün Lənkəran şəhərində Çin Təbabəti Klinikasının açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib.
İcra başçısı bildirib ki, ölkəmizdə səhiyyənin inkişafına, insanların sağlamlığına xüsusi diqqətin göstərilməsi cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Onun sözlərinə görə, Lənkəran şəhərində Çin Təbabəti Klinikasının açılışı da bu siyasətin davam etdirilməsinə xidmət edir. Taleh Qaraşov Bakı və Gəncədən sonra Lənkəran şəhərində belə bir klinikanın açılmasının önəmini vurğulayıb. İcra başçısı rayonda səhiyyə sahəsində son dövrlərdə görülən işlər barədə danışaraq qeyd edib ki, ümumilikdə region əhalisi təbii müalicəyə daha çox üstünlük verir. Vurğulanıb ki, təbii və ənənəvi metodlarla müalicə üstünlük verən sözügedən klinikanın regionda fəaliyyəti xəstələrin vaxt və maddi vəsait itkisini minimuma endirəcək.
Klinikanın baş həkimi Lian çıxışında bildirib ki, səhiyyə ocağında xəstələrin müalicəsi qədim Şərq üsuli ilə aparılacaq. Vurğulanıb ki, min illər ərzində tətbiq olunan ən qədim və effektiv müalicə metodu sayılan iynə terapiya (akupunktura) sinir xəstəliklərinin bütün növü üzrə səmərəli nəticə əldə olunmasında özünü doğruldub.
Daha sonra Taleh Qaraşov klinikanın açılış lentini baş həkim Lianla birgə kəsib. İcra başçısı yaradılan şəraitlə yaxından tanış olub.
Qeyd edək ki, klinika həftənin bütün günləri fəaliyyət göstərəcək, burada kişi və qadınlar üçün ayrıca müalicə otaqları yaradılıb. Ümumi müayinədən sonra hər bir xəstə individual (fərdi) proqram çərçivəsində müalicə olunacaq.