Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihəsi çərçivəsində “Macarıstanın tarixi və memarlıq irsi” adlı sərgisi açılıb.
"Unikal" xəbər verir ki, İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən sərgidə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və Macarıstanın Azərbaycandakı səfiri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və fotosərginin fərqli memarlıq nümunələrini öyrənmə, təbliğ etmə baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan-Macarıstan dostluq və diplomatik əlaqələrindən, mədəniyyətlərin bənzərliyindən danışan rektor Macarıstan memarlığının özünəməxsusluğuna diqqət çəkib.
Professor Gülçöhrə Məmmədova təqdim olunan fotoların sərgi iştirakçılarının, xüsusilə tələbələrin bu ölkə ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacağını vurğulayıb.
Sərgiyə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirən Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bu tip tədbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib.
Fotoqraf və səyyah, sərginin müəllifi Aydın Sadıxovun AzMİU rəhbərliyinə və səfirə, eləcə də digər qonaqlara təşəkkür edib və sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib.
Rəsmi hissə bitdikdən sonra sərgi açıq elan edilib, qonaqlar fotosərgi ilə yaxından tanış olub.
Sərgidə Macarıstanın 12 şəhərində lentə alınmış zəngin mədəni və tarixi irsi fotokompozisiya şəklində təqdim olunub. Fotosərgidə Avropanın ən maraqlı və heyrətamiz gözəl ölkələrindən biri olan Macarıstanın mistik əfsanələri ilə dolu qəsrləri və qalaları, sarayları və təkrarolunmaz arxitekturası əks olunub.
Sərgiyə baxış keçiriləndən sonra Macarıstan Memarlıq Muzeyinin kuratoru Eszter Baldavari tərəfindən təqdimat keçirilib. Təqdimatda Macarıstan memarlığının əsrlər boyu necə dəyişdiyinə qısa nəzər salınıb və ölkənin binalarının özünəməxsus xüsusiyyətləri haqqında məlumat verilib. Təqdimat zamanı, həmçinin memarlıq mühitinə təsir edən tarixi hadisələrə də toxunulub.