“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qisuri qızı Zeynalova Prezident İlham Əliyevə müraciət edib.
"Unikal"a daxil olan məlumata görə, M. Zeynalova müraciətində həyat yoldaşı Əvəz Zeynallının hüquqlarının qorunması istiqamətində addımlar atılmasını xahiş edib:
"Cənab Prezident!
Əvəz Zeynallı Azərbaycan mətbuatında 30 ildir öz imzası və dəsti-xətti olan jurnalistdir, inanıram ki, onun “cinayəti” barədə Sizə yanlış məlumat verilib.
Ə. Zeynallı, eləcə də mən 30 ilə yaxındır ki, Azərbaycanda müstəqil mətbuatın inkişafı naminə çalışmışıq. Bizim üçün dövlətin maraqları bütün şəxsi maraqlarımızdan üstün olub. Bu gün də övladlarımız Türkiyədə təhsil alır, Azərbaycana xidmət üçün yetişdirilir. Biz “Vətən xaini” deyilik və heç bir siyasi iddiamız da yoxdur.
Ətrafınızda olan məmurların Ə.Zeynallı ilə bağlı hansı yalanları çatdırmaqlarından asılı olmayaraq, Sizi əmin etmək istəyirəm ki, biz bu gün də Azərbaycana, Vətənimizə olan sədaqətimizi qoruyub saxlayırıq.
Bu gün Ə. Zeynallının məhkəməsi süni olaraq yubadılır və uzadılır. Ayda bir dəfə olmaqla keçirilən məhkəmə prosesi heç kimdə şübhə yaratmır ki, proses siyasi sifariş əsasında aparılacaq. Belə gedərsə, prosesin nəticəsi olaraq, hakimin Ə. Zeynallı ilə bağlı ən ağır hökm çıxaracağına əminik. Əgər Siz bu məsələyə müdaxilə etməsəniz...
Yadınızdadırsa, 2011-ci ildə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin siyasi sifarişi ilə həbs olunub, 9 il azadlıqdan məhrum ediləndə, Əvəz Zeynallı 3 il 2 aydan sonra - 2014-cü ilin dekabrda məhz Sizin əfv sərəncamınızla həbsdən azad edildi. Əvəz Zeynallı hər dəfə məmurların hədəfində olanda Siz hər dəfə onların özbaşınalıqlarının qarşısını almısınız, onlara dövlətin gücünü göstərmisiniz.
Bu gün Azərbaycanın Prezidenti, dövlət başçısı olaraq bütün ümidim Sizədir. İnanıram ki, Siz Ə. Zeynallıya qarşı qurulan bu oyunun bütün qaydalarını pozacaq və onun azadlığa buraxılması üçün öz səlahiyyətlərinizdən bəhrələnəcəksiniz".