"Ermənilər hər addımlarında 44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyətlərini həzm edə bilmədiklərini, sülh müqaviləsini imzalamaqda maraqlı olmadıqlarını təsdiqləyirlər. Bu günlərdə İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırıldı. Bu, beynəlxalq əhəmiyyətli bir tədbirin iştirakçısına ev sahibinin hörmətsizliyi, beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması ilə yanaşı ermənilərin nə qədər vəhşi, Azərbaycan xalqına, dövlətinə nifrət bəslədiklərini nümayiş etdirən bir olaydır. Dövlət atributuna hörmətsizlik edilib yandırılır, amma yenə də dünyada bir süstlük müşahidə edilir".
Bu fikirləri "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
"Ermənistana bu sığallar nə zamanadək davam edəcək? Bəzi dünya gücləri nə zaman maraqlarından geri çəkilib baş verən hadisələrə ədalət, beynəlxalq hüquq meyarından yanaşıb düzgün addım atmaq barədə düşünəcəklər? Belə bir hörmətsizlik, dövlət rəmzinə təhqir başqa bir ölkədə edilsəydi, dünya yenə də bunu adi qəbul edəcəkdimi? Ermənistanın bu vəhşiliyi qardaş Türkiyədə də hiddətlə qarşılanır. Bu çağırış edilir ki, Qarabağda amansız qətliamlar törədən vəhşilərin bu gün öz ölkələrində keçirilən beynəlxalq idman yarışında sərgilədikləri qorxaq və iyrənc hücuma dünyanın münasibət bildirməsini gözləyirik. Ermənistan hökumətinin bu irqçi və düşməncəsinə mövqeyini qətiyyətlə rədd edir, bu çirkin əməl qarşısında Avropa Ağır Atletika Federasiyası və beynəlxalq idman qurumlarından Ermənistana lazımi cəzanın verilməsini gözləyirik".
Vüqar Rəhimzadə qeyd edib ki, bu hörmətsizliyin, təhqirin Azərbaycanın rəmzinə edilməsi artıq məsələnin mahiyyətinin nədən ibarət olduğunu açıqlayır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, bayrağımızın yandırılması Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümüdür. Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Aktı törətmiş şəxsin ilkin olaraq saxlanılması, sonradan təmtəraqlı alqışlarla azad edilməsi birmənalı qarşılana bilməz. Ermənistan tərəfi nifrət zəminində baş verən bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməli olduğu halda, amma görünən budur ki, bu vəhşiliyi törədən cəzalandırılmır, əksinə, “qəhrəman” kimi təqdim edilir. Reallıq budur ki, Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış mərasiminin tərkib hissəsi olub. Çünki bayrağı yandıran Aram Nikolyan Paşinyan ailəsinə yaxın şəxsdir. Artıq bu fakt özündə bütün məqamları ehtiva edir. Belə bir vandallıq aktının ssenarisinin Ermənistan hakimiyyətinin özünəməxsus olması hansı niyyətin güdüldüyünü açıqlayır. İşğalçı dövlət belə rüsvayçı əməlləri ilə havadarlarına nəyi çatdırmaq istəyir? Eyni zamanda, Ermənistan törətdiyi çirkin əməllərlə sülh müqaviləsinin imzalanması prosesində vaxt qazanmaq istəyirsə, yanılır, bununla da öz şansını itirir. Nifrət zəminində baş verən, ermənilərin vəhşi xislətinin təzahürləri olan bu kimi olaylar gələcəklə bağlı atılacaq addımlara yenidən baxılmasını bir zərurətə çevirir.
YAP Xətai rayon təşkilatının sədri bu məqamı xüsusi vurğulayıb ki, Ermənistan həm monodövlətdir, həm də irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır. Ermənistanın baş nazirinin və bir çox dövlət rəsmilərinin iştirak etdiyi idman yarışında qonaq ölkənin bayrağına qarşı iyrənc irqçi hərəkəti izləyən Ermənistan hakimiyyəti şiddətlə qınanılır. Vəhşi xislətini hər bir addımında nümayiş etdirən ermənilərin insanlığa sığmayan əməlləri gözləniləndir. Bu günlərdə Ermənistan tərəfinin əsir götürdüyü azərbaycanlı əsgərlərə amansız, insanlığa sığmayan işgəncələr verməsi və bu vəhşilikləri sosial şəbəkələrdə yaymalarına hansı adı verək? Amma Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri dəfələrlə azaraq Azərbaycan tərəfinə keçdikdə saxlanılıb. Azərbaycanın onlara qarşı humanist addımı, dərhal Ermənistana sağ-salamat geri qaytarması dünyanın gözü qarşısında baş verib. Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytardı, əksinə öz vəhşi əməllərini, verdikləri işgəncələri sosial şəbəkələrdə yaydı. Budur, erməni xisləti!
Vüqar Rəhimzadə bildirib ki, bayrağımızın yandırılması, əsgərlərimizin əsir götürülərək işgəncələrə məruz qalması beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulmasıdır. Tarixi Zəfəri ilə dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu sübut edən Azərbaycan bu cinayət əməllərinə görə də işğalçı dövlətin layiqli cəzasını alacağına əmindir.