"Lerik rayonu çətin relyef şəraitində yerləşir. Bizim yaşadığımız Zövnə kəndində də qış ayları olduqca sərt keçir. Bütün kənd sakinləri adından xahiş edirik ki, bu kəndin qazlaşdırılmasında bizə yardımçı olasınız".
"Unikal" xəbər verir ki, bu sözləri Lerik rayonunun Zövnə kənd sakini Elxan Əliyev "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı deyib. Vətəndaşların qaz təsərrüfatına dair problemlərini rahat şəkildə səsləndirmələri üçün "Səyyar qəbul otağı" onların ixtiyarında olub. Çıxış edən sakinlər təbii qazdan istifadə edə bilmədiklərini bildirərək üzləşdikləri çətinliklərdən söz açıblar. Aksiyanın imkanlarından Zövnə sakinləri ilə yanaşı, ətraf kəndlərin sakinləri də yararlanıblar.
Görüşə rayonun Molalan, Arta, Çeşman, Osyodərə, Bülüdül kəndlərindən üz tutan vətəndaşlar da sözü gedən kəndlərin təbii qazla təmin olunmasını xahiş ediblər. Görüş zamanı ünvanlanan hər bir müraciətlə bağlı Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri aksiya iştirakçılarına izahatlar verərək, vətəndaşların qaz təchizatı ilə bağlı suallarını cavablandırıblar.