Bu gün Bakıda keçirilən Azərbaycan-İsrail Birgə Komissiyasının 3-cü iclası çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
"Unikal" xəbər verir ki, sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İsrail tərəfdən isə xarici işlər naziri Eli Kohen imzalayıb.
Sazişdə ətraf mühitə təsirlərin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunması, tullantı sularının təmizlənməsi standartları, suyun düzgün idarə edilməsinin ekoloji aspektləri, hava keyfiyyətinin monitorinqi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub.
Sazişin imzalanması iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə və yeni əlaqələrin yaradılmasına öz müsbət töhfəsini verəcək.