Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED X” komandası Türkiyədə keçiriləcək “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.
"Unikal" xəbər verir ki, 5 nəfərdən (Nadir Daşdıyev, Ayişə Xudiyeva, Rəhbər Əhmədov, Kamran Abdullazadə, Kənan Məmmədov) ibarət komandanın sərgidə “PUA-Pilotsuz Uçuş Aparatı” layihəsi ilə təmsil olunması nəzərdə tutulur. Universitetin Mühəndislik fakültəsinin Mexanika mühəndisliyi kafedrasının müəllimi Sahib Mütəllibovun mentorluğu, fakültənin laboratoriya müdiri Rüstəm Kələntərlinin texniki dəstəyi ilə tələbələrin hazırladıqları PUA hərbi məqsədli tibbi ləvazimat daşıya bilən, kuryer vəzifəsini yerinə yetirə və bənzər yerlərdə əlverişliyini göstərə bilən sabit qanadlı, sadə və ergonomikdir.
BMU tələbələrinin ərsəyə gətirdiyi PUA aprel ayının sonu Türkiyədə sınaq uçuşu həyata keçirildikdən sonra aprelin 27-dən mayın 1-dək İstanbulda keçiriləcək festivalda nümayiş olunacaq.
Qeyd edək ki, BMU-nun tələbələrdən ibarət komandası ötən ilin may ayında ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutub. BMU-nun komandasına mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirakı zamanı təqdim olunub.
BMU-nun komandası, eyni zamanda Türkiyənin Samsun şəhərində keçirilmiş Aerokosmik və texnologiya festivalında (“TEKNOFEST-2022 Qara Dəniz”) iştirak edib.