Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov İsrailin Nəqliyyat Nazirliyinin Gəmiçilik və Limanlar İdarəsinin direktoru Zadok Radeker ilə görüşüb.
"Unikal" xəbər verir ki, ikitərəfli görüş zamanı son illər müxtəlif sahələrdə Azərbaycan-İsrail münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə olunub.
Görüşdə İsrail və Azərbaycan arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib. Vahid Dənizçilik Pəncərəsinin tətbiqi, dənizçilərin hazırlığı, limanların tənzimlənməsi sahəsində təcrübə mübadiləsi aparılıb.
Bundan əlavə, görüşdə iki ölkənin dənizçilik qurumları arasında əməkdaşlığın gücləndirilməsi üçün qarşılıqlı səfər təcrübəsinin, eləcə də dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumunun hazırlanması istiqamətində təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.