Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
"Unikal" xəbər verir ki, fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilib.
Nazirlər Kabineti bununla bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlakın Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkili, o cümlədən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görməlidir.