Prezident İlham Əliyevin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qürurla dediyi kimi, “Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır”.
Şərqi Zəngəzurun və Qarabağın bərpası dövlətimizin əsas diqqətində olan məsələlərdəndir. Hazırda həmin ərazilərdə sistemli və ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Əsas hədəf sakinlərin tez bir zamanda ata-baba yurduna qayıtması, orada məskunlaşması və xoşbəxt yaşamasıdır. Bunun üçün dövlətimiz bütün zəruri addımları atır. Həm də qürurla deyə bilərik ki, Ağalı və Talış kəndlərinə sakinlər qayıdıb və orada yaradılan şərait göz qabağındadır. İnanırıq ki, işğaldan azad olunan bütün ərazilərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu cür bərpa ediləcək və sakinlər yerləşdiriləcək. Ermənistanla sülh danışıqları məsələsində dövlətimizin başçısı aydın şəkildə bəyan etdi ki, “Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır! Eyni zamanda, Dövlətimizin başçısı İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha bildirdi ki, bölgələrə səfərləri nəzarət üçün bir vasitədir. Belə ki, verilən tapşırıqların necə yerinə yetirilməsinə nəzarət edilir, həmçinin növbəti tövsiyələr verilir. Bütün hədəflər- insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır həm də ölkəmizi gücləndirir.
Prezidentimiz müsahibəsində Azərbaycanın tətbiq etdiyi müasir idarəetmə üsulundan, dünyaya səs salan “ASAN xidmət”in üstünlüklərindən, məqsəd və məramından bəhs etdi. Sayca 25-ci olan Salyan “ASAN xidmət” mərkəzi istifadəyə verildi. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq dünyada ASAN modelini bir neçə ölkə tətbiq edir. Azərbaycan bu ölkələrə metodik dəstək verir. Son 10 il ərzində “ASAN xidmət”ə 61 milyon müraciət olub. “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab, dönüş nöqtəsi idi. Hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” intellektual məhsulumuzun bir nümunəsidir. Azərbaycan artıq intellektual məhsul ixrac edir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov