Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Su Byunq-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı iki ölkə arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, innovasiya və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir müavini Samir Məmmədov qeyd olunan sahələrdə ölkəmizdə həyata keçirilən layihələr barədə qarşı tərəfi məlumatlandıraraq, informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə təlimlərin təşkili ilə bağlı Koreya ilə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə birgə planlaşdırılan “ağıllı şəhər” layihələrində verilən dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyi bildirilib.
Həmçinin, cari ilin may ayının sonunda Seul şəhərində keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası, iclas çərçivəsində keçiriləcək biznes forum və Koreyanın bir sıra təşkilatları və texnologiya şirkətləri ilə planlaşdırılan ikitərəfli görüşlər barədə ətraflı fikir mübadiləsi aparılıb.