Bu gün Qaradağın icra başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Sanqaçal qəsəbəsində keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda rayon sakinləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri də iştirak ediblər.
Görüşdə 60-dan çox sakin yol infrastrukturu, asfalt örtüyünün salınması, su təminatı, təmizlik və yaşıllaşdırma ilə bağlı müraciətlərini səsləndirib. Bir çox məsələlər yerindəcə həll olunub, digər problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.
Son dövrlərdə qəsəbədə aparılan təmizlik, boyama işləri, yeni səkilərin salınması, asfalt örtüyünün çəkilməsi və yaşıllıqların qorunması tədbirləri də sakinlər tərəfindən yüksək qiymətləndirilib. Onlar sosial rifahın yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra başçı Sanqaçal qəsəbəsinin digər ərazilərinə baxış keçirərək mövcud problemlərin həlli üçün müvafiq göstərişlər verib. Səyyar qəbul və görüşlərin əsas məqsədi sakinlərlə birbaşa ünsiyyət qurmaq, onların müraciətlərinə operativ reaksiya vermək və yerli idarəçiliyin effektivliyini artırmaqdır.